Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2023-cü il 3 noyabr tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
KOLLEGİYA QƏRARI
№ 3-33/3-2-000001/2023
Bakı şəhəri
“03”noyabr 2023-cü il
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 27.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq,
qərara alır:
1. “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2012-ci il 30 yanvar tarixli 01/03 nömrəli Qərarı ləğv edilsin.
3. Hüquqi Təminat İdarəsi Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Qərar aidiyyəti üzrə göndərilsin.
Kollegiyanın sədri
Şahin Bağırov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi
Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi (bundan sonra – Kodeks) gömrük orqanı əməkdaşının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Fəsil 1.
Ümumi müddəalar
1. Kodeksin əhatə dairəsi
1.1. Bu Kodeks Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 53.9-cu maddəsinə və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-IIIQ nömrəli Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aparatında və strukturuna daxil olan gömrük orqanları və qurumlarında (bundan sonra – gömrük orqanları) xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslərə, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlara (bundan sonra – gömrük orqanı əməkdaşları) şamil edilir.
1.2. Hər bir gömrük orqanı əməkdaşı qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış tələblərini rəhbər tutaraq bu Kodeksin müddəalarını öyrənməli və ona əməl etməlidir.
2. Kodeksin məqsədləri
2.1. Bu Kodeksin məqsədləri aşağıdakılardır:
2.1.1. gömrük orqanlarının və gömrük orqanlarında xidmətin nüfuzunun artırılması, şəxslərin gömrük orqanlarına və gömrük orqanı əməkdaşlarına etimadının yüksəldilməsi;
2.1.2. gömrük orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.1.3. gömrük orqanlarında korrupsiyanın, o cümlədən gömrük orqanı əməkdaşlarının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
2.1.4. gömrük orqanı əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə bağlı gözlənilən davranışları barədə hüquqi və fiziki şəxslərin öncədən məlumatlandırılması;
2.1.5. gömrük orqanı əməkdaşlarının Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyinə riayət etməsinə və xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə sövq edilməsi.
3. Gömrük orqanı əməkdaşının xidməti davranışının hüquqi tənzimlənməsi
3.1. Gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Gömrük orqanı əməkdaşının xidməti davranışı bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2. Gömrük orqanı əməkdaşının xidməti dav
Rəsmi mənbə: https://e-qanun.az/framework/55558
Son yoxlanılıb: 2026-09-16