Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"
“Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 yanvar 2013-cü il
№ 7
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Gömrük nəzarətinin həyata keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 92.6.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar gömrük sərhəd buraxılış məntəqələrində və gömrük rəsmiləşdirilməsi yerlərində istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə münasibətdə gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.3. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) güzəştli və sadələşdirilmiş qaydada keçirilir və bu mallara münasibətdə gömrük nəzarəti Gömrük Məcəlləsinə əsasən tənzimlənir.
1.4. Gömrük nəzarəti gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər toplusudur. Azərbaycan Respublikasının gömrük orqanları (bundan sonra - gömrük orqanları) tərəfindən gömrük nəzarətini həyata keçirmək üçün qanunvericiliklə müəyyən olunmuş forma, üsul və vasitələrdən istifadə edilir.
1.5. Gömrük nəzarətinin formaları Gömrük Məcəlləsinin 92.2-ci maddəsinə əsasən müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlamanı gömrük idarəsinin və ya struktur bölməsinin rəhbərliyinin qərarı əsasında həyata keçirirlər.
1.6. Seçilmiş gömrük nəzarətinin formasının tətbiqi zamanı səmərəliliyi artırmaq üçün həyata keçirilən tədbirlər gömrük nəzarətinin üsullarını təşkil edir. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı üsullarla həyata keçirirlər:
1.6.1. gömrük təminatı vasitələrindən istifadə etməklə;
1.6.2. gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün mütəxəssisləri və ekspertləri cəlb etməklə;
1.6.3. gömrük nəzarəti zonalarını yaratmaqla və qanunvericilikdə nəzərdə tutulmuş digər üsullarla.
1.7. Gömrük nəzarətinin həyata keçirilməsi zamanı gömrük orqanları aşağıdakı vasitələrdən istifadə edirlər:
1.7.1. texniki nəzarət vasitələrindən (detektorlar, rentgen aparatları, surətçıxaran avadanlıqlar, mexaniki, elektrik, elektron cihazlar, gömrük nəzarəti üzrə müşayiət qurğuları, qlobal mövqetəyinetmə sistemi (GPS) və s.);
1.7.2. dəniz (çay) və hava gəmilərindən;
1.7.3. gömrük orqanlarının informasiya resurslarından;
1.7.4. xidməti itlərdən və gömrük nəzarətinin məqsədlərinə nail olmaq üçün siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş digər vasitələrdən.
2. Gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin siyahısı
2.1. Gömrük nəzarətinin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
2.1.1. nəqliyyat sənədləri;
2.1.2. mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən bəyannamə.
3. Gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin və məlumatların təqdim edilməsi
3.1. Gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə tələb olunan nəqliyyat sənədləri şəxslər tərəfindən gömrük orqanlarına təqdim edilir.
3.2. Gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə şəxslər tərəfindən
Rəsmi mənbə: https://e-qanun.az/framework/25157
Son yoxlanılıb: 2026-09-16