"Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarı
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 sentyabr tarixli 2300 nömrəli Sərəncamının 1.1.1-ci, 1.1.2-ci və 1.1.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
3-1. Bu Qərar “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) idarəetməsinə verilmiş hüquqi şəxslərə şamil edilmir.[1]
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.[2]
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 4 iyun 2019-cu il
№ 257
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 sentyabr tarixli 2300 nömrəli Sərəncamının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
1.2. Bu Qayda paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi meyarlarına əsasən qiymətləndirmə prosedurunu tənzimləyir.
1.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – hüquqi şəxs) dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər nəzərdə tutulur.
1.3-1. Bu Qərar “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinə şamil olunmur.[3]
1.4. Səmərəliliyin qiymətləndirilməsi dövri olaraq səmərəlilik göstəricilərinin hesablanması ilə həyata keçirilir.
1.5. Bu Qayda paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan banklarda və digər kredit təşkilatlarında, habelə sığortaçı və təkrarsığortaçılarda, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə, investisiya fondlarında (idarəçilərdə) və lisenziyalaşdırılan ödəniş sistemlərinin
Rəsmi mənbə: https://e-qanun.az/framework/42596
Son yoxlanılıb: 2026-09-16