Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 2014-cü il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası"
“Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 avqust 2014-cü il
№ 294
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarı ilə təsdiq edilmişdir
Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hazırlanmışdır və mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq idxal və ixrac olunan və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilən bu Qaydanın 3-cü hissəsində göstərilən mədəni sərvətlərə şamil edilir.
1.3. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə, o cümlədən dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına, vəzifəli şəxslərə şamil edilir.
1.4. Şəxslər tərəfindən mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və ya tranziti həyata keçirildikdə, onlar mədəni sərvətləri başqalarının istifadəsinə, sahibliyinə və ya sərəncamına verə bilməzlər. Mədəni sərvətlər barəsində qanunsuz idxal, ixrac və ya tranzit əməliyyatlarının həyata keçirildiyini bilən və ya bilməli olan şəxslər tərəfindən onların əldə edilməsi qadağandır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
2.1.1. mədəni sərvətlərin ixracı - Azərbaycan Respublikasının ərazisində olan mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən aparılması;
2.1.2. mədəni sərvətlərin idxalı - xarici ölkənin ərazisində olan mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi;
2.1.3. mədəni sərvətlərin tranziti - mədəni sərvətlərin gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınması.
3. Mədəni sərvətlər
3.1. Azərbaycan Respublikasının ərazisində olan aşağıdakı daşınar əşyalar bu Qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilir:
3.1.1. Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılan mədəni sərvətlər;
3.1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində yaradılan və Azərbaycan Respublikası üçün əhəmiyyət kəsb edən mədəni sərvətlər;
3.1.3. Azərbaycan Respublikasının ərazisində tapılan mədəni sərvətlər;
3.1.4. Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş arxeoloji, etnoloji və elmi ekspedisiyalar zamanı əldə olunan mədəni sərvətlər;
3.1.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanmış əqdlər nəticəsində əldə olunan mədəni sərvətlər.
3.2. Bu Qaydanın tətbiq edildiyi mədəni sərvətlər aşağıdakılardan ibarətdir:
3.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;
3.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;
3.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/28340
Son yoxlanılıb: 2026-09-16