Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları"
“Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 19 oktyabr 2012-ci il
№ 237
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmişdir
Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Məcəllə) 328.5-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi və dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin (bundan sonra - mallar) açıq gömrük hərraclarında satılması ilə bağlı məsələləri tənzimləyir. [1]
1.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) tabeliyində olan “Azərterminalkompleks” Birliyi mülki qanunvericiliklə müəyyən edilmiş qaydada hərracın təşkilatçısı və satıcısı (bundan sonra - satıcı) qismində çıxış edir.
1.3. Gömrük hərraclarında satışa çıxarılan malların ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir.
1.4. Məcəllənin 328.2-ci maddəsinə uyğun olaraq, gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı alınır. [2]
1.5. Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.
1.6. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.
2. Malların gömrük hərracına çıxarılması və satılması
2.1. Malların gömrük hərraclarında satılması üçün Komitənin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və satıcının əməkdaşlarının daxil olduğu 5 (beş) nəfərdən ibarət hərrac komissiyası yaradılır.
2.2. Komissiyanın üzvlərindən biri Komitə tərəfindən sədr təyin edilir.
2.3. Satıcı gömrük hərracı vasitəsilə hərraca çıxarılan əmlak haqqında hər növbəti hərrac gününə ən geci 30 (otuz) gün qalmış mediada və Komitənin internet saytında hərracın açıq formada keçirilməsi barədə məlumatı, əmlakın tam adını, yerləşdiyi ünvanı, malların ilkin satış qiymətini, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixlərini, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanlarını, sənəd qəbuluna məsul şəxsin adını, soyadını, vəzifəsi və əlaqə telefonlarını, hərracda iştirak etmək üçün sifarişlərin qəbulu zamanı tələb olunan sənədləri, hərracın keçirilmə tarixini, vaxtı və ünvanını, hərracda iştirak haqqının məbləğini, əmlakın ilkin satış qiymətinin 5 (beş) faizi həcmində behin məbləğini və həmin məbləğin köçürülməsi üçün müvafiq bank hesabını əks etdirən elan dərc etdirir. Elan dərc edildiyi andan hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərraca buraxılm
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/24478
Son yoxlanılıb: 2026-09-16