Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2013-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələblər"
“Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.3.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 may 2013-cü il
№ 73
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 may tarixli 73 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələblər
1. Ümumi müddəalar
1.1. Bu Tələblər Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 180.3-cü və 181.5-ci maddələrinə əsasən hazırlanmışdır və müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə və anbar sahibinə dair tələbləri müəyyən edir.
1.2. Müvəqqəti saxlanc anbarlarında Gömrük Məcəlləsinin 178.1.1-178.1.3-cü maddələrində nəzərdə tutulmuş xarici mallar, gömrük anbarlarında isə xarici mallar, habelə Gömrük Məcəlləsinin 182-ci maddəsinə uyğun olaraq, daxili mallar yerləşdirilə bilər.
2. Əsas anlayışlar
2.1. Bu Tələblərdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. anbar – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) tərəfindən verilmiş lisenziya əsasında təsis edilmiş və bu Tələblərə cavab verən müvəqqəti saxlanc anbarı və ya gömrük anbarı;[1]
2.1.2. anbar sahibi – lisenziya əsasında müvəqqəti saxlanc anbarını və ya gömrük anbarını təsis etmiş şəxs.[2]
3. Anbarların tipləri, quruluşu və təchizatı
3.1. Müvəqqəti saxlanc və gömrük anbarları açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.
3.2. Açıq tipli anbarlardan istənilən şəxs istifadə edə bilər.
3.3. Anbarlar üçün yerüstü bağlı tikililərdən və açıq meydançalardan istifadə edilir.
3.4. Anbarların quruluşu aşağıdakıları təmin etməlidir:
3.4.1. malların mühafizəsinin həyata keçirilməsini;
3.4.2. kənar şəxslərin (anbarın işçiləri, mallar barəsində səlahiyyəti olan şəxslər və onların nümayəndələri, habelə gömrük orqanlarının vəzifəli şəxsləri istisna olmaqla) mallara buraxılışının istisna edilməsini;
3.4.3. gömrük nəzarətinin həyata keçirilməsi imkanının olmasını;
3.4.4. anbarlara gömrük nəzarətindən kənar malların daxil olmasının və oradan çıxarılmasının istisna edilməsini;
3.4.5. malların anbara gətirilməsi və oradan aparılması üçün müvafiq yolların olmasını;
3.4.6. malları daşıyan nəqliyyat vasitələrinin saxlanılması üçün mühafizə olunan və ödənişsiz xidmət göstərən dayanacağın olmasını;
3.4.7. anbarın ərazisinin hasarlanması (anbarın yeri və quruluşu bunu mümkün etdikdə) və qanunvericilikdə gömrük nəzarəti zonaları üçün nəzərdə tutulmuş qaydada nişanlanmasını;
3.4.8. malların anbarın ərazisinə gətirilməsinə və oradan aparılmasına nəzarət etmək məqsədi ilə nəzarət-buraxılış məntəqələrinin yaradılması və digər nəzarət vasitələrinin quraşdırılmasını;
3.4.9. anbarın ərazisində malların boşaldılması və yüklənilməsi üçün meydançaların ol
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/25743
Son yoxlanılıb: 2026-09-16