Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları"
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 28 dekabr 2012-ci il
№ 323
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 28 dekabr tarixli
323 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması
QAYDALARI
1. Ümumi müddəa
Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra-Gömrük Məcəlləsi) 279.2-ci maddəsinə əsasən hazırlanmışdır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların (bundan sonra - mallar) reyestrinin aparılması qaydalarını müəyyən edir.
2. Malların reyestrə daxil edilməsi və oradan çıxarılması
2.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə malların reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır.
2.2. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) mallar gömrük sərhədindən keçirilərkən, onun əqli mülkiyyət hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə Komitəyə əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ərizə kağız üzərində yazılı və ya elektron formada təqdim edilir.
2.3. Əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:
2.3.1. hüquq sahibi haqqında məlumat;
2.3.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;
2.3.3. malların təsviri;
2.3.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;
2.3.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.
2.4. Ərizəyə mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.
2.4-1. Əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.[1]
2.5. Bu Qaydaların 2.3.5-ci yarımbəndində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi Gömrük Məcəlləsinin 258.1-ci maddəsində göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük orqanları tərəfindən müəyyənləşdirilir.
2.6. Ərizə ilə birlikdə malların, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.
2.7. Komitə ərizəyə onun daxi
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/25046
Son yoxlanılıb: 2026-09-16