"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu
Əməliyyat-axtarış fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.
Birinci fəsil
Ümumİ müddəalar
Maddə 1. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədləri və vəzifələri
I. Əməliyyat-axtarış fəaliyyəti – müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir.
II. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.[1]
III. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:
1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
Maddə 2. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik
I. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
II. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar (bundan sonra əməliyyat-axtarış fəaliyyətinin subyektləri adlanacaq) öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməliyyat-axtarış tədbirlərinin təşkilini və taktikasını tənzimləyən normativ hüquqi aktlar qəbul edirlər.
Maddə 3. Əməliyyat-axtarış fəaliyyətinin prinsipləri
I. Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır.
II. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, hər hansı şəxsin vətəndaşlığı, milliyyəti, cinsi, yaşayış yeri, sosial və əmlak vəziyyəti, qulluq mövqeyi, ictimai birliklərə mənsubiyyəti, dinə münasibəti və siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz.
Maddə 4. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatları
I. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar:
1) bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri yerinə yetirmək;
2) hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır.
II. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hər hansı bir siyasi partiyanın və ya digər ictimai birliklərin mənafeyi naminə hərəkətlər etməsi, qanunvericilik və ya məhkəmə hakimiyyəti orqanlarının, habelə qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş ictimai birliklərin və dini təşkilatların işində onların qanuni fəaliyyətinə təsir etmək məqsədilə məxfi iştirak etməsi qadağandır.
IV. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkəti nəticəsində hüquq və azadlıqları pozulmuş hər bir şəxs həmin əməliyyat-axtarış fəaliyyətinin subyektinin tabe oldu
Maddələr
Rəsmi mənbə: https://e-qanun.az/framework/2938
Son yoxlanılıb: 2026-09-16