"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanunu
Valyuta tənzimi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına; görə məsuliyyəti müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR[1]
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
1. “Azərbaycan Respublikasının milli valyutası” (bundan sonra “milli valyuta”):
a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı kağız və metal pul nişanları;[2]
b) Azərbaycan Respublikasında kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda, habelə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər ödəniş xidməti təchizatçılarında hesablarda manatda olan vəsait, o cümlədən manatda olan elektron pul;[3]
c) Azərbaycan Respublikasından kənarda yerləşən kredit təşkilatlarında və digər ödəniş xidməti təchizatçılarında hesablarda manatda olan vəsait, o cümlədən manatda olan elektron pul.
2. “Milli valyutada qiymətli kağızlar“ — nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar.[4]
3. “Xarici valyuta”:
a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları;
b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər, o cümlədən xarici valyutada olan elektron pul.[5]
4. “Valyuta sərvətləri”:
a) xarici valyuta;
b) xarici valyutada qiymətli kağızlar— nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar;[6]
v) qiymətli metallar – istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, tullantılarda olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium);[7]
q) qiymətli daşlar – işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər.[8]
Qiymətli metallardan və qiymətli təbii daş-qaşdan hazırlanmış məmulatın zərgərlik və digər məişət məmulatına, yaxud onların qırıntılarına aid edilməsi qaydası və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.[9]
5. “Rezidentlər”:
a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;
b) Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər;
v) Azərbaycan Respublikasında yerləşən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
q) Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının diplomatik və digər rəsmi nümayəndəlikləri;
d) bu bəndin “b” və “v” yarımbəndlərində göstərilmiş rezidentlərin Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri.
6. “Qeyri-rezidentlər”:
a) Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;
b) xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış, Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
v) Azərbaycan Res
Maddələr
Rəsmi mənbə: https://e-qanun.az/framework/9238
Son yoxlanılıb: 2026-09-16