"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu
Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:
1. Hərbi silah və sursatın layihələndirilməsi və istehsalı üçün avadanlıq, hərbi silah və sursatın ehtiyat hissələri.
1-1. Döyüş təyinatlı hərbi texnika və hərbi silah (satışına, idxalına və ixracına münasibətdə).
2. Döyüş təyinatlı hərbi texnikanın layihələndirilməsi və istehsalı üçün avadanlıq, döyüş təyinatlı hərbi texnikanın ehtiyat hissələri.[1]
2-1. Döyüş sursatı (satışına, idxalına və ixracına münasibətdə).[2]
3. Xidməti və mülki silah.
4. Kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq.
5. Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri.[3]
6. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar.
7. Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq.
8. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq.[4]
9. Partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar.
10. Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar.
11. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq.
12. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr.
13. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular.
14. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər.
15. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formaları.[5]
16. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.[6]
17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsulları.[7]
18. Mülki pilotsuz uçuş aparatları, o cümlədən mülki təyinatlı avtonom pilotsuz uçuş aparatları (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla).[8]
19. İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısı istisna olmaqla).[9]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2003-cü il
№ 565-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 04 mart 2005-ci il tarixli 849-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 273)
2. 30 dekabr 2005-ci il tarixli 48-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/4791
Son yoxlanılıb: 2026-09-16